Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

22 iyul 2020 | 16:00

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş 22 iyul 1875-ci ildə işıq üzü görmüş "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.  Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzeti 1875 ilin iyulundan  1877-ci ilin sentyabrına  qədər  olan illəri əhatə etmiş və cəmi 56 sayı işıq üzü görmüşdür. “Əkinçi”  qəzetinin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmuş, əsasən maarifçilik missiyasını üzərinə götürən qəzet, az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında məşhurlaşaraq çox sevilmişdir.
     "Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması kimi digər xoş ənənəni 1995-ci ildən Ulu Öndər  Prezident Heydər Əliyev yaratmışdır. Daha sonra   ümumilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilməsi, kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.
     Ulu Öndər Heydər  Əliyevin təməlini qoyduğu siyasi plüralizm və azad media siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev tərəfinfən uğurla davam etdirmişdir. Xüsusən, ölkə daxilində və dünyada Azərbaycanı layiqincə təmsil edə biləcək, xalqa və dövlətçiliyə xidmət göstərmək gücündə olan, vətənpərvər, peşəkar jurnalistlər yetişdirilməsi, rəqabət qabiliyyətli yeni tele-radio kanallarının və informasiya vasitələrinin yaradılması istiqamətində bu dövrdə çoxsaylı mühüm işlər görülmüşdür ki, bu da dövlət siyasətinin təbliği və Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına öz layiqli töhfələrini vermişdir. Ölkə Rəhbəri İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu” yaradılması, Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırması, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Hazırda  ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə  bu gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini İmişli rayon İcra Hakimiyyəti adından səmimi qəlbdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər