Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 51-ci ildönümüdür.
Azərbaycanın iyirminci əsrdəki inkişafının əsas mərhələsi 1969-cu ilin iyulun 14-də qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev xalqımızın həyatında möhtəşəm intibaha nail olmuş, milli, müstəqil dövlətin bərpası üçün zəruri olan işləri görmüşdür. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməlini qoymuş, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralarda yer tutmuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətəninə, xalqına, torpağına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ulu tanrının bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət, Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur.
Ümummilli lider və onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz lider olaraq gördüyü möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Məhz cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir ölkə kimi tanıdan Azərbaycan regionun davamlı inkişaf edən dövlətinə çevrilmişdir.