Koronovirus pandemiyası ilə mübarizədə həkimlərin əməyi danılmazdır.
Koronavirus pandemiyası hər bir sahənin inkişafını, ölkələrin malik olduğu imkanları, həyata keçiriləcək islahatların daha da dərinləşdirilməsinin vacibliyini ortaya qoydu. Bu gün vətəndaş-dövlət birliyi fonunda koronavirus bəlasından az itki ilə çıxmaq üçün zəruri olan addımlar atılır və beynəlxalq səviyyədə təqdir edilir. Təbii ki, bu mübarizədə həkim ordusunun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır. Həmçinin qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4 və 5 misli məbləğində artırılılması xalqımıza və biz həkimlərə diqqətin bariz nümunəsidir.
Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə təbii ki, yenə də əsas məsuliyyət biz həkimlərin üzərinə düşür. Məsuliyyətsizlik üzündən, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün biz günlərdi ailəmizdən uzaq, fiziki-mənəvi yorğunluqla, saatlarla əynimizdə qalan o tibbi koombizonlar və tibbi maskaların ağırlığı ilə gecəli-gündüzlü çalışır, karanovirusla mübarizə aparırıq. Biz həkimlər də üzümüzü vətəndaşlara tutub çağırışlar edib deyirik ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etmək, sosial izoliyasiya məsafəsini qorumaq, ehtiyac olmadığı halda evləri tərk etməmək və tibbi masqalardan hər zaman istifadə etmək lazımdır. Bütün bu qaydalara əməl etsək və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi şəkildə riayət etsək əminik ki, dövlətimizin dəstəyi ilə həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin səyləri nəticəsində koronavirus pandemiyasına qarşı mübarizədə qalib olacağıq , bu sınaqdan az itki ilə çıxacağıq.
Həkim Terapevt : Əliyeva Könül Əhmədağa qızı