2 iyul Azərbaycanda Polis Günüdür
02 iyul 2022 | 09:23
Bu gün Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı müvafiq Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Bu gün davamlı inkişafda olan daxili işlər orqanları vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Əminik ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları prezident cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək. Bu gün münasibətilə Azərbaycan Polislərini İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından təbrik edir, onlara yorulmaz fəaliyyətlərində uğurlar arzulayırıq.