14 İyul – Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlişi: Zəfərə aparan yolun başlanğıcı
14 iyul 2025 | 14:49
Bu gün – 14 iyul, Azərbaycan xalqının siyasi yaddaşında silinməz iz buraxmış, taleyüklü hadisələrin başlanğıcı olan bir gündür. 1969-cu ilin məhz bu günü dahi şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin memarı və banisi Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək ölkənin rəhbərliyinə gəldi. Bu gün tariximizə xalqın dirçəlişi, milli özünüdərkin yüksəlişi və dövlət quruculuğu dövrünün başlanğıcı kimi daxil olub.
Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran lider
1960-cı illərin sonlarında Azərbaycan Sovet Sosialist Respublikası sənaye, kənd təsərrüfatı və sosial sahələrdə ciddi geriləmə ilə üz-üzə idi. İdarəetmədə xaos, iqtisadi durğunluq və milli maraqlara laqeyd yanaşma əhalinin narazılığına səbəb olurdu. Belə bir zamanda xalqın qarşısına Heydər Əliyev kimi qətiyyətli, uzaqgörən və milli düşüncəli bir lider çıxdı. Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən islahatlara başladı. O, dövrün çətinliklərini dəqiq analiz edərək Azərbaycanda kadr islahatlarına, elmin və təhsilin inkişafına, milli-mədəni dəyərlərin qorunmasına xüsusi diqqət ayırdı. Respublikada sənaye müəssisələri açıldı, infrastruktur layihələri həyata keçirildi, bölgələrdə sosial rifahın yüksəldilməsi istiqamətində ciddi addımlar atıldı. Ən önəmlisi isə Heydər Əliyev Azərbaycançılıq ideologiyasını formalaşdıraraq milli şüurda dərin izlər buraxdı. Onun təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə göndərildi. Bu isə gələcək müstəqil dövlət üçün intellektual baza yaratdı.
Dövlət müstəqilliyindən Zəfərə gedən yolun başlanğıcı
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi elan edilsə də, daxili siyasi qarşıdurmalar və xarici təhdidlər müstəqilliyin təhlükə altına düşməsinə səbəb olmuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi – bu, Azərbaycanın parçalanmadan, xaosdan və müstəqilliyini itirməkdən xilas olunması idi.Ulu Öndər ölkədə sabitliyi bərpa etdi, hüquqi dövlət quruculuğuna başlandı, neft strategiyası formalaşdırıldı, ordu quruculuğuna xüsusi önəm verildi. Əsrin müqaviləsi ilə Azərbaycan dünya enerji xəritəsində mühüm mövqe qazandı. İqtisadiyyat canlandı, beynəlxalq nüfuz artdı.
44 günlük Vətən müharibəsi – Möhkəm təməlin təntənəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifələrindən birinə çevrildi. Rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızı azad etdi, Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Bu Qələbə yalnız hərbi gücün yox, siyasi iradənin, strateji planlaşdırmanın, milli ruhun və xalq-iqtidar birliyinin nəticəsi idi. Bu zəfərin arxasında dayanan isə Heydər Əliyevin əsası qoyduğu dövlətçilik təməlləri, onun müəyyənləşdirdiyi inkişaf strategiyası və formalaşdırdığı güclü Azərbaycan dövlətidir. Ulu Öndərin illər öncə söylədiyi “Biz Qarabağa qayıdacağıq” ifadəsi artıq yalnız şüar yox, gerçəkliyə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Ulu Öndərin ideyalarının canlı təcəssümüdür.
Heydər Əliyev irsi – Müstəqil Azərbaycanın strateji dayağı
Bu gün Azərbaycan öz tarixinin ən güclü mərhələsini yaşayır. Regionun lider dövləti olan Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclənməkdədir. Bu uğurların təməlində Heydər Əliyev siyasətinin ardıcıl davam etdirilməsi, müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi dayanır. Ulu Öndərin müəllifi olduğu “müstəqil dövlətçilik fəlsəfəsi” bu gün də Azərbaycanın daxili və xarici siyasətinin əsasını təşkil edir. Onun “Dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” fikri bu gün hər bir azərbaycanlının həyat prinsipinə çevrilib.
Tarixi formalaşdıran lider
14 iyul 1969-cu il – təkcə bir təyinat tarixi deyil. Bu gün Azərbaycan tarixində dönüş nöqtəsi, dövlətçilik ənənələrinin bərpası və gələcək qələbələrin bünövrəsi kimi yaddaşlara yazılıb. Əgər bu gün Azərbaycan Ordusu Qələbə bayrağını Şuşada dalğalandırırsa, əgər bu gün Azərbaycan öz sərhədlərinə tam nəzarət edirsə, əgər bu gün xalqımız qalib xalq kimi yaşayırsa – bütün bu uğurların kökündə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və Vətəni qarşısında misilsiz xidmətləri dayanır. Heydər Əliyev Azərbaycanı zamanın çətin sınaqlarından çıxararaq güclü dövlətə çevirdi. O, tarix yazdı. O, Azərbaycanı qurdu. O, zəfərlərimizin banisidir.






