Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şaiq Teymurovun doğum günü məzarı yanında qeyd olunub

07 noyabr 2021 | 16:00

İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü canından üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Teymurov Şaiq Vidadi oğludur. Yaşasaydı, bu gün 29 yaşını qeyd edəcəkdi.

Doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və şəhidin yaxınları tərəfindən Şaiqin məzarı ziyarət olunub, üzərinə gül-çüçək dəstələri düzülüb. Qəhrəman şəhidimizin doğulduğu Aranlı kəndində adını əbədiləşdirən bulaq kompleksinin də açılışı olub. Açılış mərasimində çıxış edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyiblər. Həmçinin vurğulanıb ki, bu gün dövlət səviyyəsində şəhid ailələrinə və qazilərimizə böyük qayğı göstərilir. Uzun illərdir torpaqlarımızın işğal olunması gününün acısını yaşayırdıq, ancaq indi 8 noyabr – Zəfər bayramını qeyd edəcəyik. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Şaiqin xatirəsinin daim əziz tutulacağı bildirilib. Tədbir məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilməklə davam etdirilib.

Qeyd edək ki, şəhidimiz 1992-ci il noyabr ayının 6-da İmişli rayonunun Aranlı kəndində anadan olub. Vətən müharibəsi zamanı sentyabrın 29-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

Keçidlər