Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Alik Musayevin doğum günündə xatirəsi anılıb

07 avqust 2021 | 16:00

Alik Musayev 1987-ci il avqustun 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş çavuşu olan Alik Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən şəhidimizin dəfn olunduğu rayonun Sarıxanlı kənd qəbiristanlığında məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Sonra 44 günlük Vətən müharibəsinin Sarıxanlı kəndindən olan digər şəhidləri, Vüsal Şahmarlının və Cahid Əsədlinin məzarları da ziyarət olunaraq əziz xatirələri ehtiramla yad edilib.

Şəhidimizin doğum günündə ll Vətən müharibəsi şəhidlərinin adını daşıyan xatirə bulağının açılışı olub. Tədbir zamanı çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən imişlili döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Qeyd edək ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi daima diqqət mərkəzində saxlanılır.

 

Keçidlər