Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin doğum günündə xatirəsinə tikilmiş abidə-bulaq istifadəyə verilib

02 aprel 2021 | 16:00

Azərbaycanın ll Vətən müharibəsinin şəhidi Əmrah Səfərlinin xatirəsi doğulduğu İmişli rayonunun Göbəktala kəndində əbədiləşdirilib. Şəhidin adına tikilən bulağın açılışı münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, şəhidin qohumları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Tədbir zamanı çıxış edən icra başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda düşməni diz çökdürərək tarixi qələbə qazandığını söyləmiş və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışdır. O həmçinin bildirib ki, 522 nömrəli tankın mexanik-sürücüsü kimi müharibənin ilk günlərindən fədakarlıqlar göstərən Ə.Səfərli bir çox əməliyyatlarda qeyri adi şücaətlər göstərmişdir. Ə.Səfərli noyabrın 4-ü 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Tədbir zamanı həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri də səslənib.  İmişli Rayon İcra Hakimiyyətinin kollektivi bir daha şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, tədbir koronavirus infeksiyası ilə bağlı tətbiq olunan karantin qaydalarına əməl olunaraq keçirilmişdir.

 

 

Keçidlər