Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailələrinə ordenlər təqdim olunub

11 yanvar 2023 | 12:47
     Bu gün İmişli rayonunda prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın ailələrinə ordenlər təqdim edilib. Təqdimetmə mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi Mətləb Murğuzov və şəhidlərin ailə üzvləri iştirak ediblər.
     Əvvəlcə tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Elçin Rzayev rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetişdirdiklərinə görə şəhid ailələrinə, göstərdikləri xidmətlərə görə isə qazilərə minnətdarlığını ifadə edib. Sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhidlərimizin ordenləri ailə üzvlərinə təqdim olunub. Şəhid ailələri göstərilən dövlət qayğısına görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda şəhid ailə üzvləri ilə xatirə şəkilləri çəkdirilib.
Keçidlər