Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulağın açılışı olub

13 aprel 2022 | 16:00

Bu gün İmişli rayonunun Məzrəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Quliyev Elçin Ehtibar oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhidimizin adına tikilmiş bulağın üzərindəki ağ örtük qaldırılıb, kompleksin qarşısına gül-çiçək dəstələri düzülərək igid Vətən oğlunun əziz xatirəsi böyük ehtiramla yad edilib.

Mərasimdə çıxış edən RİH başçısı şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Elçin kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, xatirəsinin hər zaman əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Döyüş meydanında göstərdikləri igidliklə hərb tarixinə adlarını qəhrəmanlıqları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqlarını qeyd edib. Vətən Müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Digər çıxış edənlər şəhidlərimizin daim yad olunmasını Elçinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər. Şəhidin atası oğlu Elçinlə və onun kimi igid vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Tədbir məktəblilərin ifalarında şəhidlərimizə həsr olunan şeirlərin səsləndirilməsi ilə davam etdirilib.

Qeyd edək ki, şəhidimiz 2001-ci il avqust ayının 24-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan, vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxan Elçin Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə şəhid olub. Döyüş meydanında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər