Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

31 mart 2022 | 16:00

Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Bu münasibətlə hər il ölkəmizdə tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi anılır. Bu gün İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatı 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirib. Əvvəlcə soyqırımı qurbanlarının, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tədbiri açaraq bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə  Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir. Təşkilat sədri onu da  vurğulayıb ki,  ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.

Anım tədbirində Bikə Məmmədova, Əli Nəcəfov, Şahsuvar Əmrahov və İsrafil Quliyev ermənilərin tarix boyu törətdikləri cinayətlər barədə müxtəlif mövzularda çıxış ediblər. Natiqlər bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı danışıblar.

Keçidlər