Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə fermerlərlə görüş keçirilib

30 mart 2022 | 16:00

Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində fermerlərlə görüş keçirilib. Fermerlərlə görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Görüşlərdə taxıl əkini sahələrinin mövcud durumu, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanılması və fermerlərin əkinə hazırlıq prosesini düzgün həyata keçirməsi, sahələrin arata qoyulmasının vacibliyi qeyd olunub. Qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır. Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri sığortalamaq üçün sahələrini əkinə düzgün hazırlamalı, torpaqlar arata qoyulmalıdır. Görüş zamanı həmçinin yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Fermerlər dövlətin ayırdığı vəsaiti gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsal vasitələrinə xərclədiklərini bildiriblər. Görüşdə fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Keçidlər