Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir təhsil müəssisəsinin açılış tədbiri keçirilib

20 mart 2022 | 16:00

Ötən gün Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş daha bir təhsil müəssisəsinin, İmişli şəhər 3 nömrəli uşaq bağçası-körpələr evinin açılış tədbiri baş tutub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və rayon ictimaiyyəti iştirak ediblər.

Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, 3 nömrəli körpələr evi-uşaq bağçasının əvvəlki binası 1990-cı ildə inşa olunmuşdu. Ötən müddətdə bağçanın binası fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Yeni tikilən körpələr evi-uşaq bağçası 60 yerlikdir. Burada balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar var. Bağça zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, qruplar üçün söhbətgahlar quraşdırılıb.

Bağçanın müdiri Anaxanım Nuriyeva deyib: “Yeni binanın istifadəyə verilməsi Heydər Əliyev Fondunun Novruz bayramı ərəfəsində bizə çox gözəl hədiyyəsi oldu. Uşaqların sağlamlığı, istirahəti və təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Buna görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk”. On bir ildir bu bağçada çalışan valideyn və tərbiyəçi Günay Məmmədova körpələr evinin çətin günlərinin artıq geridə qaldığını söyləyib. “Bundan sonra balacalar tam müasir standartlara cavab verən binada təlim-tərbiyə alacaqlar. Bu da gələcəkdə onların təhsili üçün gözəl təməl sayılır”, - deyə o əlavə edib.

 

Keçidlər