Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yeni məktəb binası istifadəyə verilib

20 mart 2022 | 16:00

Martın 19-da Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər çərçivəsində sökülərək yenidən inşa olunmuş İmişli şəhəri A.Eminov adına 7 saylı tam orta məktəb binasının açılış tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və rayon ictimaiyyəti iştirak ediblər.

Açılış tədbirində çıxış edənlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışıblar. Sonra yeni inşa olunmuş məktəb binasında yaradılmış şəraitlə tanış olunub. Məktəbin direktoru Ramil Möhbalıyev bildirib ki, əvvəlki binada olan çətin şərait, köhnə sinif otaqları, istilik sisteminin sıradan çıxması təhsilə öz mənfi təsirini göstərirdi. Çünki bina artıq istismar müddətini başa vurmuşdu: “İndi isə Heydər Əliyev Fondu məktəb üçün müasir standartlara uyğun olan bina inşa etdirib. Binada təhsil üçün lazımi şərait yaradılıb. Göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kollektiv adından minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, İmişli şəhəri A.Eminov adına 7 nömrəli tam orta məktəb üçün inşa olunan 800 şagird yerlik binada şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən zəruri şərait yaradılıb. Məktəb mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Üçmərtəbəli binada 34 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Xatırladaq ki, İmişli rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi daima diqqət mərkəzində saxlanılır.

 

Keçidlər