Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bağlı tədbir keçirilib

20 yanvar 2022 | 16:00

Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 32-ci ili tamam olur. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və 20 Yanvar şəhidlərinin ailələri tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilərək şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunulub.

Tədbirdə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan bəhs edilib. Vurğulanılıb ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdi, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.

Tədbirin yekununda, saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər