Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Birinci Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib

17 noyabr 2021 | 16:00

Bu gün  İmişli rayonun Cavadxanlı kəndində Birinci Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Abdullayev Rizvan Abbas oğlunun və Əsədov İlham Qəmbər oğlunun xatirələrini əbədiləşdirmək məqsədilə İmişli rayon Cavadxanlı kənd orta məktəbinin qarşısında inşa edilmiş bulaq-kompleksinin açılışı olub. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.

Tədbirdə ilk öncə dövlət himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra bulağın üzərindəki örtük qaldırılıb, gül-çiçək dəstələri düzülüb. Mərasimdə çıxış edən RİH başçısının birinci müavini S. Ağayev  bütün şəhidlərin ruhunu hörmətlə anaraq Birinci və İkinci Vətən müharibəsində igid oğullarımızın qəhrəmancasına vuruşaraq şəhid olmasından danışıb. O, nəinki İmişli şəhidləri, Vətən yolunda canını fəda etmiş bütün şəhidlərlə qürur duyduqlarını bildirib. Daha sonra çıxışında, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, Şəhidlərimizin heç bir zaman unudulmayacağını bildirib. Həmçinin vurğulayıb ki, prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Digər çıxışlarda Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Şəhidlərimizin gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışılıb və qeyd dilib ki, Vətən müharibəsində qazanılmış böyük Qələbə ulu öndər Heydər Əliyev ideologiyasının təntənəsidir.

Tədbir İmişli rayon Cavadxanlı kənd tam orta məktəbinin şagirdlərinin ifalarında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilməsi ilə davam etdirilib.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına isə səbr diləyirik!

 

 

Keçidlər