Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən bulağın açılışı olub

04 noyabr 2021 | 16:00

Bu gün Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Süleymanov Emin Bəhmən oğlunun, Səfərli Cavid Xaliq oğlunun və Cəfər Osman Elsevər oğlunun xatirələrini əbədiləşdirmək məqsədilə İmişli şəhər 5 saylı məktəb - liseyinin həyətində inşa edilmiş bulaq-kompleksinin açılışı olub. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəb-liseyin müəllim və şagirdləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.

Tədbirdə ilk öncə dövlət himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra bulağın üzərindəki ağ örtük qaldırılıb, gül-çiçək dəstələri düzülüb. RİH başçısı bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı bu gün də şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq. İcra başçısı həmçinin açılışına toplaşdığımız bulağın şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Tədbirdə digər çıxış edənlər 30 illik həsrətdən sonra Emin, Cavid və Osman kimi oğullarımızın düşmən tapdağında olan torpaqlarımızı qarış-qarış azad etdiklərini, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin qisaslarını aldıqlarını, onların qanlarını yerdə qoymadıqlarını, döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tarixinə adlarını qanları ilə yazdıqlarını qeyd ediblər. Tədbir məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilməklə davam etdirilib.

Daha sonra rayon rəhbəri və qonaqlar torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

Keçidlər