Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Elməddin Əhmədzadənin doğum günüdür

01 oktyabr 2021 | 16:00

Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğullarımızdan biri Əhmədzadə Elməddin Uğur oğlunun doğum günüdür. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən şəhid Elməddinin məzarı ziyarət edilib. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Çıxış edən RİH başçısı Elçin Rzayev Elməddinin bizim aramızda olmasa da onun daim qəlbimizdə yaşadığını və döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə yaddaşımıza əbədi yazıldığını qeyd edib. O qəhrəmanlıq ki, Ali Baş Komandan cənab İlham Əliyev imzaladığı müvafiq Sərəncamlarla şəhidimizin igidliyini, şücaətini qiymətləndirdi. "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etdi. “Elməddinin igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnək olacaqdır”, - deyən icra başçısı Elməddin kimi oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını bildirib.

Xatırladaq ki, Elməddin Əhmədzadə 1994-cü il oktyabr ayının 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. Şəhidimiz 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər