Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Eldəniz Hüseynovun doğum günündə xatirəsi anılıb

18 sentyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində fəal iştirak edən şəhid Hüseynov Eldəniz Tahir oğlunun 17.09.2021-ci il tarixdə cənnətdəki ilk doğum günü qeyd edilib. Şəhidin 25-ci doğum günü onsuz, dünyaya göz açdığı İmişli şəhərində qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri və şəhidin yaxınları tərəfindən Eldənizin dəfn olunduğu şəhər qəbiristanlığında olan məzarı ziyarət edilib. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidimizin doğum günündə adını daşıyan xatirə bulağının da açılışı olub. Tədbir zamanı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı, həmin qələbədə payı olan Eldəniz Hüseynov  kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Digər çıxış edənlər 44 günlük müharibədə əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söyləyiblər.

Qeyd edək ki, şəhidimiz Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Eldəniz Hüseynov  vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi Xidmətə görə” medalları ilə təltif edilib.

Keçidlər