Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin təbriki

01 iyun 2021 | 16:00

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək  barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur.  Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.  Prezident cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz nümunəsidir. Bu mühüm kampaniya çərçivəsində respublikamızın hər yerində olduğu kimi İmişli rayonunda da uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman İmişli Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə uşaqların iştirakı ilə müxtəlif  bayram tədbirləri həyata keçirilmişdir.

İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə  İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından bütün uşaqların bayramını təbrik edir, xoşbəxt, sevincli və uğurlu bir həyat yolu arzu edirik.

Bu gün sizin gününüzdür əziz balacalar. Uşaqlar gününüz mübarək olsun!

 

 

 

Keçidlər