Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunun Hacırüstəmli kəndinə təbii qaz xətti çəkilir.

19 mart 2021 | 16:00

İmişli rayonunun ən ucqar kəndi olan Hacırüstəmlidə uzun illər mavi yanacağın olmaması kənd sakinlərinin haqlı narazılıqlarına səbəb olurdu. Sakinlərin mövcud vəziyyəti nəzərə alınaraq İmişli Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumlara rəsmi müraciətlərindən sonra artıq bu problem öz müsbət həllini tapmışdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə 225 abonent və 2500 nəfər əhalisi olan Hacırüstəmli kəndində təbii qaz xəttinin çəkilişi işlərinə artıq başlanılmışdır. Layihə üzrə podratçı təşkilat “Azəriqaz İnşaat” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2200 metr polietilen borudan ibarət daşıyıcı qaz xəttinin və 17,5 km küçə xəttlərinin çəkilişi nəzərdə tutulmuşdur. Hazırda kənd ərazisində standartlara uyğun yol və küçə keçidləri quraşdırılır, qaz xəttlərinin çəkilişi işləri sürətlə davam etdirilir.

Bundan əlavə Hacırüstəmli kəndində rabitə şəbəkəsinin qurulması və əhaliyə internet xidmətinin göstərilməsi üçün “Azəronline” şirkəti tərəfindən monitorinq aparılmış və ərazidə zəruri tədbirlərin görülməsinə başlanılmışdır. Bayram öncəsi uzun illərdir ərazidə mövcud olan mavi yanacaqla və digər sosial problemlərin həlli ilə əlaqədar görülən işlər sakinlərin hədsiz sevincinə səbəb olmuşdur.

Qeyd edək ki, Hacırüstəmli kəndində görülən bütün işlər Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir.

 

Keçidlər