Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə arxeoloqlar tərəfindən aparılan qazıntı işləri zamanı orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlanıb.

07 sentyabr 2020 | 16:00

İmişlidə yerləşən Qızıltəpə adlı yaşayış məskənində növbəti arxeoloji qazıntı işlərinə başlanılıb. Ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: “Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Hazırda yerləşdiyimiz yer Qızıltəpə ərazisidir və ən böyük abidələrdən biridir. Bura artıq təpə yox, möhtəşəm qəsr hesab edilir. Çünki ərazisi 4 hektardan çox olan yerin unikallığı su hövzəsi ilə əhatə olunmasıdır”.

Araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıltəpə qorunan bir qala olub. İlk dəfə 2018-ci ildə aparılan arxeoloji qazıntılar zamanı ərazidə Kür-Araz mədəniyyətindən orta əsrə qədər uzanan tarixi mədəniyyət nümunələri aşkar olunub. Qazıntılar zamanı gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Budəfəki qazıntı isə Titadil adlandırılan hissədə aparılır. Qazıntı 200 kvadratmetri əhatə edir. Qazıntı zamanı ilk dəfə aşkarlanan hörgü divarlarının davamı üzə çıxıb. Həmçinin müxtəlif ocaq izləri, təndir tikililərinin qalıqları və dirəklərin olması bir daha onu göstərir ki, bu ərazi yaşayış məskəni olaraq qorunan bir yer olub. İzlər əsasən orta əsri əhatə edir. Həmçinin vaxtilə Araz çayının tarixi qolu bu ərazidən keçdiyi üçün burada əkinçilik və maldarlıq da inkişaf edib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş laborantı Nərmin Bayramova qeyd edib ki, ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də tapılıb. Burada şirli və şirsiz qab qalıqları, həmçinin üzəri naxışlı saxsı əşyalar da üzə çıxıb.

Hazırda təpədə qazıntı işləri davam etdirilir. Tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir.

 

 

Keçidlər