Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elçin Quliyevin ailəsi ziyarət olunub

24 avqust 2022 | 16:33
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, şəhid Quliyev Elçin Etibar oğlunun ailə üzvləri ilə görüş keçirib. Görüşdə RİH-nin, YAP İmişli rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər tərəfindən öncə şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, sonra ailənin qayğıları ilə maraqlanılıb.
  Görüş zamanı çıxış edən icra başçısı adları vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. İcra başçısı həmçinin belə vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailəsinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
  Xatırladaq ki, şəhidimizin bu gün həm də doğum günüdür. O, 2001-cu il avqust ayının 24-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. Düşmənə ağır zərbələr endirən Elçin Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər