Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman İmanverdi Əliyevin anım günü qeyd olunub

16 noyabr 2022 | 17:13
  Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətə və rəşadətə görə verilən Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilmişdir. Bu adı daşıyan milli qəhrəmanlarımızın hər birinin ailəsi, ya vərəsəsi ölkənin hər yerində olduğu kimi İmişli rayonunda da dövlətimizin daimi qayğısı ilə əhatə olunublar. İmişli rayonunun Milli Qəhrəmanı Əliyev İmanverdi Barat oğlunun bu gün 31-ci ildönümüdür. Bu münasibətlə keçirilən mərasimdə şəhidin ailəsinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
  Öncə Rayon Polis Şöbəsinin həyətində şəhidimizin xatirəsinə ucaldılmış büstünün önünə gül dəstələri düzülüb. İgid Vətən oğlunun ruhuna dualar oxunulub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra iştirakçılar şəhidin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıblar. Mərasim zamanı icra başçısı qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq. Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.
  Xatırladaq ki, 15 noyabr 1991-ci il Erməni yaraqlıları Hadrut rayonunun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. Həmin döyüşdə xüsusi rəşadət göstərən İmanverdi Əliyev qəhrəmancasına şəhid oldu. Əliyev İmanverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Adının əbədiləşdirilməsi məqsədilə İmişli şəhərindəki küçələrdən birinə adı verilib. Rayonun Qulubəyli kənd orta məktəbi də Milli Qəhrəmanın adını daşıyır.
Keçidlər