Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Elçin İsmayılovun əziz xatirəsi doğum günündə anılıb

07 fevral 2022 | 16:00

Fevralın 7-si İmişli şəhər sakini, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun MAHHXHQ-su İsmayılov Elçin Mikayıl oğlunun doğum günüdür. Bu münasibətlə keçirilən mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın məsul əməkdaşları, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və şəhidin yaxınları iştirak ediblər.

Öncə rayonun Rəsullu kənd qəbiristanlığında dəfn olunan şəhidimizin məzarı ziyarət edilib, gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi dərin ehtiramla yad olunub. Sonra Elçinin yaşadığı evə gəlinərək ailənin gündəlik qayğıları və problemləri ilə maraqlanılıb. Çıxış edən icra başçısı Azərbaycan xalqının vətənpərvərliyindən, Vətən müharibəsində Ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıqdan, Elçinin keçdiyi döyüş yolundan danışıb. Qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi və bütün şəhidlərimizin, qəhrəmanlarımızın qisası alındı. Şəhidimizin anası Balaxanım Qulamalıyeva isə göstərilən diqqət və qayğıya öz minnətdarlığını bildirib.

Xatırladaq ki, ll Vətən Müharibəsi döyüşlərində şəhid olan İsmayılov Elçin Mikayıl oğlu 1991-ci il fevral ayının 7-də İmişli şəhərində anadan olub. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Laçının və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elçin İsmayılov 4 noyabrda Şuşa istiqamətində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər